Bu gün informasiya texnologiyalarının əsasını təşkil edən serverlər, istifadəçilərin həyatının mühüm hissəsinə çevrilib. İstifadə etdiyimiz rəqəmsal vasitələrin əksəriyyəti və demək olar ki, bütün onlayn xidmətlər serverlərin köməyi ilə bizə təklif olunur.

Bəs niyə serverlər həyatın bu qədər içindədir?  7/24 işləyən serverlər haqqında nə qədər məlumatınız var?

Server nədir?

Əgər siz bu yazını hazırda oxuyursunuzsa, siz artıq fərqinə varmadan müştəri-server modelindən istifadə etmisiniz. Siz (müştəri(client) kimi) veb-server tərəfindən sizə təqdim olunan resurs (yəni bu veb-səhifəni) tələb etmisiniz.

Server, şəbəkə üzərindən edilən sorğuları qəbul edən və onlara cavab verən proqram və ya aparat qurğusudur. Sorğu edən və serverdən cavab alan cihaz müştəri(client) adlanır. İnternetdə "server" termini ümumiyyətlə veb faylları üçün sorğuları qəbul edən və bu faylları müştəriyə göndərən kompüter sistemini istinad edir.

Bir server deyildikdə, adətən insanın ağlına  hardware komponenti gəlir, lakin server sadəcə fiziki cihaz deyil. Bu qurğuların server kimi fəaliyyət göstərməsi üçün xüsusi proqram təminatı tələb olunur. Bu proqramlar server qurğularına özlərində olan məlumatları, nəzərdə tutulan istifadə üçün ən uyğun şəkildə təqdim etməyə imkan verir. Məsələn, oyun serveri ilə e-poçt serverində olan əsas proqram təminatları oxşar olsa da, onların istifadə məqsədini düzgün yerinə yetirməyə imkan verən fərqli və xüsusi proqram təminatları var.

Server əslində evdə istifadə olunan kompüter kimidir. Buraya prosessor (CPU), yaddaş (RAM) və sərt disk kimi komponentlər daxildir. Ancaq əlbəttə ki, serverlər evdəki kompüterlərdən qat-qat güclüdür. 

Server və PC arasındakı fərq nədir?

PC və server arasındakı fərqlərə keçməzdən əvvəl əvvəlcə onların oxşarlıqlarından danışmaq lazımdır. Həm serverlər, həm də fərdi kompüterlər məlumatların saxlanmasına və işlənməsinə imkan verir. Proqram təminatı və aparat baxımından bir-birinə çox bənzəyirlər.Yəni, nəzəri olaraq eyni ailənin iki üzvü kimi görünürlər. Kompüterlər və serverlər arasındakı fərqləri aşağıdakı kimi sıralamaq olar:

1. Fərdi kompüterlər, yəni PC-lər şəxsi istifadə üçün nəzərdə tutulub. Digər tərəfdən bir server məlumatları təqdim etmək üçün hazırlanmış bir sistemdir. Bu baxımdan birinci və ən mühüm fərqin istifadə məqsədi olduğunu söyləmək olar.

2. İkinci fərq hardware nöqtəsindədir. Fərdi kompüter, yəni PC fərdi əməliyyatların həyata keçirilməsi üçün hazırlandığından qabaqcıl avadanlıqlara malik deyildir. Bu kompüterlər istifadəçilərin gündəlik işlərini yerinə yetirmək üçün fasilələrlə istifadə edilməsi fikri əsasında hazırlanmışdır. Serverlər isə fasiləsiz istifadə üçün güclü avadanlıqla hazırlanır. Çünki onlar bir internet saytını təşkil edən kodları saniyələr ərzində emal edib, həmin an sayta daxil olan insanlara anında göndərməlidirlər.

Server harada yerləşdirilir?


Serverlərin yerləşdiyi yer data center adlanır. Data Center Azərbaycan dilinə məlumat mərkəzi kimi tərcümə edilə bilər. Bu mərkəzlərdə yüksək sürətli internet bağlantısı, güclü soyutma sistemləri, fasiləsiz enerji təchizatı və yüksək səviyyəli təhlükəsizlik tədbirləri var. Mərkəzdəki serverlərin sayı mərkəzin ölçüsünə görə dəyişir. Server xidmətləri göstərən kiçik şirkətlərin serverlərinin sayı az olsa da, beynəlxalq səviyyədə xidmət göstərən şirkətlərin müxtəlif ölkələrdə bir çox mərkəzləri ola bilər.