Proqramçı olmaq istəyirəm
Proqramçı olmaq istəyənlər üçün yol xəritəsini təqdim edirəm.
“Hər kəs proqramlaşdırmanı öyrənməlidir, çünki o sizə düşünməyi öyrədir”.
Stiv Cobs
Bu gün ən prestijli və ən çox qazandıran ixtisaslardan biri, bəlkə də, bi- rincisi proqramlaşdırmadır. Bu faktdan xəbərdar olan bir çox insanlar həvəsə gəlib proqramçı olmaq istəyirlər. Əlbəttə ki, hər bir işə başlamaq üçün həvəs yaxşı motivatordur, lakin uğur qazanmaq və müvəffəq olmaq üçün kifayət deyil.
Biz məsələyə daha konseptual yanaşacaq və proqramçı olmaq istəyənlərə dəyərli tövsiyələr verəcəyik.
Nə və niyə?
Proqramçı olmaq arzusuna düşənlərin ilk işi bu iki suala cavab tapmaq olmalıdır: nə və niyə? Proqramlaşdırma nədir və mən niyə proqramçı ol- maq istəyirəm? Sözsüz ki, hər bir insan seçəcəyi ixtisasın mahiyyətini dərk etməlidir. Proqramlaşdırma nədir, onun özünəməxsusluğu nədən ibarətdir, hansı çətinlikləri vardır? Bu suallara cavab tapmaq üçün əvvəlcə özünüz araşdırmalı və daha sonra peşəkar proqramçılarla görüşməlisiniz. Yalnız bundan sonra özünüzə “mən niyə proqramçı olmaq istəyirəm” sualını verə bilərsiniz. Bax bu zaman vicdanınız qarşısında tam səmimi olmalısınız. Əgər cavabınız çoxlu pul qazanmaqdırsa, siz ən yaxşısı tacir olmağı seçin. Çünki proqramlaşdırma bir həyat tərzidir, fərqli bir dünyadır. Ona aşiq olmadan bu yolun yolçusu olunmaz. Əgər cavabınız “proqramlaşdırma mənim düşüncə və həyat tərzimə uyğundur, mən özümü onda görürəm” olsa, bax bu başqa məsələ. Deməli, Siz proqramçı olmaq üçün doğulmusunuz…
Doğru yol və sağlam cığır
Bəs proqramçı olmaq üçün nə etmək lazımdır? Uzaq və yaxın məqsəd nədir? Nədən və necə başlamalı? Hansı proqramlaşdırma dilini öyrənmə- li, hansı kitabları oxumalı, hansı kurslara getməli? Növbəti mərhələdə bu suallara cavab tapmalısınız.
Proqramçı olmağa qərar verəndən sonra sizə bir neçə yol görünəcək. Siz doğru yolu seçməlisiniz. Məqsədə çatmaq üçün bir çox yollar var, amma bu şəxsdən şəxsə dəyişir. Hansı yolun Sizin üçün doğru olduğuna yalnız özünüz qərar verə bilərsiniz. Bunun üçün hansı sahə üzrə proq- ramlaşdırma ilə məşğul olacağınızı müəyyənləşdirin. Sahələr müxtəlifdir: tətbiqi, sistem, mobil, veb, oyun və s. Seçəcəyiniz sahə sizin yolunuzu müəyyənləşdirəcək, bu da öz növbəsində uzaq məqsədinizin nə olduğunu aydınlaşdıracaq.
Doğru yolu təsbit etdikdən sonra sizi o yola götürən sağlam bir cığırı tapmaq lazımdır. Başqa sözlə desək, yaxın məqsədləri müəyyən et- məlisiniz. Yaxın məqsədlər isə alqoritm anlayışı və proqramlaşdırmanın əsaslarına sahib olmaqdır. Bunun üçün ən asan proqramlaşdırma dilindən başlamaq məsləhətdir. Bu, Python ola bilər.
Kitab seçimi
Kitab seçimi çox önəmlidir. Elə bir kitab seçməlisiniz ki, Sizi yarıyolda qoymasın. Mütləq özü öyrənənlər və yeni başlayanlar üçün nəzərdə tutulan kitablardan istifadə etməlisiniz. İlk proqramlaşdırma kitabınızın dili çox sadə, həmçinin əyləncəli olmalıdır.
Özüm öyrənim, yoxsa kursa gedim?
Asan olmasa da, özünüzün öyrənməyiniz mümkündür. Bunun üçün iradə, nizam-intizam və səbir lazımdır. Əlbəttə, kursa getməklə təkbaşına öyrəndiklərinizi daha qısa zamanda öyrənə bilərsiniz. Kursa getməyə imkanınız yoxdursa, yenə də üzülməyin. Çox yaxşı onlayn kurslar da mövcuddur, həm də pulsuz.
Təcrübə, təcrübə, təcrübə
Proqramlaşdırmanı yaxşı öyrənmək üçün bu işin nəzəriyyəsini, fun- damental əsaslarını və konsepsiyasını çox yaxşı bilməlisiniz. Proqramlaş- dırmanı yaxşı bacarmaq üçün isə bol-bol praktika lazımdır. Necə ki, yaxşı piano çalmaq üçün çox piano çalmaq lazımdır. Eləcə də yaxşı proqram yazmaq üçün çoxlu proqram yazmaq lazımdır. Uzun sözün qısası, daima alqoritm tərtib etmək bacarığınızı təkmilləşdirməli və proqramlaşdırma məntiqinizi inkişaf etdirməlisiniz. Bunun üçün müxtəlif çətinlik dərəcəli məsələləri həll edin, fərqli və optimal həll yollarını axtarın, eksperimentlər aparmaqdan çəkinməyin. Əlavə olaraq müxtəlif proqramlaşdırma yarışla- rında iştirak edin. Bütün bunlar həm təcrübənizi, həm də özünüzə inamı- nızı artıracaq.
Əlavə resurslar
Bir tərəfdən proqramlaşdırın, digər tərəfdən də öyrənməyə davam edin. Forumlara üzv olun, bloqları izləyin, videodərslərə baxın. Bir sözlə, daim araşdırın və əlavə resurslardan hər zaman istifadə edin. Bu şəkildə biliklərinizi daha da zənginləşdirmiş olacaqsınız.
Bir mürşidiniz olsun
Tanıdığınız (real və ya virtual) ən azı bir peşəkar proqramçı olsun. Rahat sual verə bildiyiniz, məsləhət aldığınız, sizə yol göstərən bir proqramçı. Amma siz onu primitiv suallarınızla bezdirməyin. Əvvəlcə özünüz araşdırın, sualınıza cavab tapa bilməsəniz, bir də araşdırın. Araşdırmanız nəticəsiz qalsa, bir daha sınayın. Yalnız 3-cü uğursuz cəhddən sonra mür-şidinizdən soruşun.
Bildiklərinizi paylaşın
Bilik paylaşdıqca artır. Bu qızıl qaydanı unutmayın. Siz də bildiklərinizi bu yolun yolçuları ilə bölüşün. İnanın, bunun sizə də faydası olacaq. Bilik- ləriniz həm yenilənəcək, həm də canlı qalacaq.
Günün nəbzini tutun
Proqramlaşdırma ilə bağlı hər şeyi izləyin, dəyişiklik və yeniliklərdən xəbərdar olun. Unutmayın ki, proqramlaşdırma dilləri də gün keçdikcə inkişaf edir, daha da zənginləşir.
Layihələr
Nəzəri biliklər və müəyyən dərəcədə praktiki vərdişlər əldə etdikdən sonra layihələrə başlaya bilərsiniz. İlkin olaraq kiçik layihələrdən başlamağınız məsləhətdir. Unutmayın, məsələ layihənin kiçikliyində və ya böyüklüyündə deyil. Əsas odur ki, başladığınız işi yarımçıq qoymayasınız. Hətta ən kiçik layihəni belə inkişaf etdirərək kifayət qədər ciddi proqram məh- sulu halına gətirmək mümkündür. Burada əsas məsələ prosesin özüdür. Layihə boyunca qarşılaşdığınız problemləri anlamaq, onların həll yollarını tapmaq, bu həllərdən optimal olanını seçmək, addım-addım layihənin qarşınızda şəkillənməsi, onun təkmilləşdirilməsi… Bütün bunlar sizə tərifolun- maz həyəcan verəcək, zövq yaşadacaq.
Startaplar
Artıq bir neçə müstəqil layihəniz olduqdan sonra startap komandalarına da qoşula bilərsiniz. Bu sizə həm təcrübə qazandıracaq, həm komanda ruhu aşılayacaq, həm də əgər bəxtiniz gətirsə, pul qazandıracaq.
Təcrübə proqramları
Müəyyən səviyyəyə gəldikdən sonra hökmən şirkətlərin elan etdiyi pullu və ya pulsuz təcrübə proqramlarına qoşulun. Gələcək karyeranız adına bu çox uğurlu bir başlanğıc ola bilər. Bu zaman həm real təcrübə qazanar, həm də CV-nizə fəxrlə bir referans əlavə etmiş olarsınız. Hətta bəxtiniz gətirsə, təcrübə keçdiyiniz şirkət sizə real iş təklifi də edə bilər.
Sertifikatlar
Əsas bilik və bacarıqlardır, sertifikat o qədər də vacib deyil. Bu fikir, əsasən, doğrudur. Amma bilik və bacarıqlara yiyələndikdən sonra sertifi- katlar əldə etmək sizin peşəkarlığınızın real göstəricisi ola bilər. Şirkətlərə iş müraciətlərində, eləcə də müqavilə şərtlərində bu sertifikatların təsiri çox böyükdür. Digər tərəfdən sertifikat imtahanlarına hazırlaşarkən bilik- lərinizi sistemləşdirmiş olacaqsınız.
İşə düzəlmə
Proqramlaşdırma peşəkar fəaliyyətdir. Proqramçı olmaq arzusu ilə çıxdığınız bu yolun bir mənzili, məntiqi nəticəsi olmalıdır. Bu da, təbii ki, işə düzəlməkdir. Uğurlu karyera qurmaq üçün bura qədər verdiyimiz məs- ləhətlərə hərfiyyən əməl etməlisiniz. Yalnız bu zaman iş müsahibələrində özünəinamınız güclü olacaq. İmkanlarınızı layiqincə qiymətləndirin və iş təkliflərinə praqmatik yanaşın. Sizə uğurlar!
“Proqramçı olmaq istəyirəm” kitabı səh. 14–18 (Kərim Tahiroğlu)