Graphical user interface ( GUI ) nədir ?

GUI (qrafik istifadəçi interfeysi) – istifadəçi interfeysinin bir növü; bu interfeysdə istifadəçiyə displeyin ekranında təqdim olunan interfeys elementləri (menyu, düymələr, simgələr, siyahılar və s .) qrafik görüntülər şəklində olur. Komanda sətri interfeysindən ( COMMAND-LINE INTERFACE ) fərqli olaraq, GUI-də istifadəçi ekranda görünən bütün obyektlərə (interfeys elementlərinə) giriş qurğuları (klaviatura, siçan, coystik və s.) vasitəsilə ixtiyari qaydada erişə və onlarla birbaşa manipulyasiya edə bilir. Hazırda GUI mövcud əməliyyat sistemlərinin və tətbiqi proqramların əksəriyyətində tətbiq olunur; məsələn, Mac OS, GEM, Atari TOS, Microsoft Windows, Solaris, GNU/Linux, NeXT STEP, OS / 2, BeOS, Android, iOS, Bada, MeeGo kimi sistemlər qrafik istifadəçi interfeysinə əsaslanır.

Tətbiqi proqram gəlişdiricilərinə GUI-interfeyslər elə mühit verir ki, kompüterlə qarşılıqlı əlaqəni həmin mühit öz üzərinə götürür. Bunun da sayəsində gəlişdirici ekrana çıxarmağın və klaviatura, yaxud siçanla daxil etməyin detallarına varmadan fikrini proqramın işlənib hazırlanmasına cəmləşdirə bilər. Bundan başqa , proqramçılar tez – tez rastlaşılan məsələləri (məsələn : verilənlər faylının saxlanması) həmişə eyni qaydada emal edən proqramlar yaratmaq imkanı əldə edirlər, çünki interfeys pəncərələr və dialoqlar şəklində olan standart nəzarət mexanizmlərini nəzərdə tutur. GUI – interfeysin başqa üstünlüyü ondan ibarətdir ki, onun üçün yazılmış tətbiqi proqramlar qurğulardan asılı olmur: interfeysə yeni giriş və çıxış qurğularının (məsələn, böyük ekranlı monitor və ya optik yaddasaxlama qurğusu ) dəstəklən məsi əlavə edilirsə, tətbiqi proqram heç bir dəyişiklik olmadan bu qurğulardan istifadə edə bilər.